Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Dövlətlər niyə istədikləri qədər pul çap edə bilmirlər?

Dünyanın əksər ölkələrində pullar Mərkəzi Banklar tərəfindən çap edilərək dövriyyəyə buraxılır. Bəzən ortaya belə sual çıxır ki, dövlətlər niyə istədikləri qədər pul çap etmirlər?

Təsəvvür edək ki, ölkədə hər gün 1000 manat dəyərində məhsul istehsal olunur. Məsələn, gün ərzində hər birinin qiyməti 100 manat olan 10 ədəd mobil telefon istehsal edilir. Gün ərzində dövriyyəyə buraxılan pulun məbləği də 1000 manat olur.

Bu o deməkdir ki, insanlar əllərindəki 1000 manatla istehsal olunan 10 ədəd telefonu satın ala bilirlər. Bir müddət sonra Mərkəzi Bank daha çox pul çap etməyə başlayır və gün ərzində dövriyyəyə 2000 manat buraxılır. Lakin dövriyyədəki pulun artmasına baxmayaraq, istehsal olunan mobil telefonun sayı dəyişmir.

Əvvəlki kimi hər gün 10 ədəd telefon istehsal olunur. İnsanların əlində olan pul 2 dəfə artdığı üçün onlar telefona 2 dəfə artıq pul ödəməyə hazır olurlar. Buna görə də, telefonların qiyməti 200 manata yüksəlir. Bu nəticəyə gəlmək olar ki, pulun çox olması heç bir dəyişikliyə səbəb olmur, yalnız satılan məhsulun qiyməti yüksəlmiş olur.

Artıq pul çap etmək məhsulun qiymətini qaldıra bilər, lakin onun miqdarına təsir edə bilməz. İnsanların pulu artdıqca daha çox məhsul almaq istəyəcəklər və bu da puldan fərqli olaraq miqdarı sabit qalan həmin məhsullara tələbi artıracaq. Nəticədə, həmin məhsulların qiyməti yüksələcək.

Tarixdə belə səhvlər edən ölkələr olmuşdur. Məsələn Birinci Dünya müharibəsindən məğlub ayrılan Almaniyanın müharibə borclarını dayanmadan pul istehsal edərək ödəməyə çalışmasıdır.

1923-cü ildə Almaniyada yaşanan bu hadisə nəticəsində sadəcə günlük inflyasiya 23% səviyyəsinə çatdı. Yəni o vaxt Almaniyada yaşayan bir insanın cibindəki pul hər gün 23% dəyər itirirdi, başqa bir misalla hər gün bütün məhsullarda 23% qiymət artımı olurdu. Almaniyada o vaxt inflyasiya 29500% oldu. Yanvar ayında 250 Marka satılan bir çörəy, il sonunda 200 milyon Marka satılmışdı.

Başqa sözlə, dövriyyəyə nə qədər çox pul buraxılırsa, satılan məhsulların qiyməti də o qədər sürətlə bahalaşır və bu zaman da inflyasiya dediyimiz proses baş verir. İnflyasiya zamanı insanların əlində olan pul dəyərdən düşür, qiymətlər tez-tez dəyişir. İqtisadiyyatda qeyri-müəyyənlik və qarmaqarışıqlıq meydana gəlir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir