Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır.
Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir.
Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlər bunlardır:
- Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir;
- Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır;
- Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur;
- Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir;
- Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.
Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.